Çində üzvləri krematoriyalardan və xəstəxanalardan cəsədləri oğurlayan, sonra isə sümüklərindən diş implantları hazırlamaq üçün istifadə edən böyük cinayət şəbəkəsi üzə çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” yazır.
Prokurorluq istintaqın kifayət qədər mürəkkəb olduğunu və hələ başa çatmadığını əsas gətirərək işin təfərrüatlarını açıqlamayıb, lakin təfərrüatları sosial şəbəkədə Çində tanınmış vəkil Yi Şenxua dərc edib.
Dərc edilmiş məlumatlara görə, “Shanxi Aorui Biomaterials” şirkəti qeyri-qanuni olaraq Sıçuan, Quanqsi və Şandunq əyalətlərində ölmüş insanların cəsədlərini və əzalarını alıb. Şirkətin baş direktoru dindirmə zamanı krematoriyalardan dörd mindən çox insan cəsədini oğurladığını etiraf edib.
İstintaq zamanı ümumilikdə 75 şübhəli saxlanılıb. Onların arasında cəsədləri parçalayan krematoriyaların işçiləri, həmçinin mərhumların cəsədlərini satan bir neçə dəfn salonunun, tibb kollecinin və Qingdao şəhərindəki universitet xəstəxanasının mərkəzinin əməkdaşları var.
Nəşr qeyd edir ki, mərkəzin direktoru tibb elminə verdiyi töhfələrə görə çoxsaylı hökumət mükafatlarına layiq görülüb və “Çində nümunəvi işçilər” sırasına daxil edilib.
Cinayət sxeminin fəaliyyət göstərdiyi bütün dövr ərzində şirkət 380 milyon yuan (təxminən 53 milyon ABŞ dolları) qazanıb. Polis şirkətin anbarlarından 18 tondan çox sümük və 34 mindən çox yarımfabrikat və hazır implant ələ keçirib.