“Moskva Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Biz hər zaman Moskvada üçtərəfli görüşlər keçirməyə hazırıq, yəni birbaşa maraqlı olan iki tərəflə, rəsmi Dəməşq və Ankaranın nümayəndələri ilə. Və təbii ki, biz iranlılarla, iraqlılarla əlaqə saxlayırıq. Çünki onlar həm də Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasında çox maraqlıdırlar ki, bu da Suriya və Suriya ətrafında ümumi vəziyyətə müsbət təsir göstərəcək”, - nazir müavini deyib.
Rusiyanın iki prezidentin mümkün görüşü üçün platforma kimi Moskvanı təklif edib-etməməsi ilə bağlı sualı cavablandıran Boqdanov bildirib ki, onda belə bir məlumat yoxdur:
“Biz Türkiyə ilə Suriya arasında dövlətlərarası münasibətlərin iki qonşu ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması prosesinin tərəfdarıyıq”.
Xatırladaq ki, Əsəd iyulun 15-də bildirib ki, o, türkiyəli həmkarı ilə görüşə hazırdır. Ərdoğan həmçinin bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarlarıyla Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması və Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi planını müəyyənləşdirir. Türkiyə prezidenti bildirib ki, Fidan Əsədlə görüşü, üçüncü ölkədə təşkil etmək səlahiyyətinə malikdir.