
Rusiya Prezidenti Vladimir Putin təsisçiləri xarici dövlət qurumları olan istənilən təşkilatın Rusiyada “arzuolunmaz” kimi tanınmasına icazə verən qanun imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Mövcud qanuna görə, istər qeyri-hökumət, istərsə də xarici dövlət qurumları tərəfindən yaradılan xarici təşkilat “arzuolunmaz” hesab edilə bilər. Əvvəllər bu, yalnız xarici qeyri-hökumət təşkilatlarına şamil edilirdi.
Müvafiq qanun layihəsi 2024-cü ilin fevralında Dövlət Dumasına təqdim edilib. Sənədə verilən izahat qeydinə əsasən, o, Rusiya cəmiyyətinə “dağıdıcı təsiri minimuma endirmək üçün” hazırlanıb.
“Ölkəmizin daxili işlərinə müdaxiləni istisna etməkdən ötrü qanunvericilikdəki bu hüquqi boşluq aradan qaldırılmalıdır. ABŞ, Britaniya, digər Avropa ölkələrinin dövlət strukturlarının yaratdığı təşkilatlar Rusiyaya qarşı fəaliyyət göstərirlər. Onların qarşısının alınması - təhlükəsizlik, vətəndaşlarımızın maraqlarının qorunması məsələsidir”, - Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Qanun Rusiyanın üzvü olduğu hökumətlərarası beynəlxalq təşkilatlara, yaxud xarici ölkələrin hökumət strukturlarına birləşdirilmiş qurumlara aid deyil.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyinin 5 avqust 2024-cü il tarixli məlumatına görə, Rusiyada fəaliyyəti arzuolunmaz kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının siyahısına 181 şirkət daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz