ABŞ Türkiyə şirkətlərinə Rusiyaya ixraca görə sanksiya tətbiq edə bilər


ABŞ Rusiyaya həssas Amerika texnologiyalarını ixrac etdiyinə görə, Türkiyə şirkətlərinə yeni sanksiyalar tətbiq edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzetinə müsahibəsi zamanı ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod danışıb.
“Türkiyə bizə Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməlidir. Biz bu məsələdə Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən sürətlə irəliləyiş görmək istəyirik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz olmayacaq”, - ABŞ Ticarət Nazirliyinin nümayəndəsi əlavə edib.
Nəşrin məlumatına görə, Akselrod bu yaxınlarda Ankara və İstanbula səfəri zamanı ABŞ-nin qadağasından yan keçərək, həssas Amerika texnologiyalarının Rusiyaya ötürülməsində əli olduğu iddia edilən Türkiyə şirkətlərindən narazılığını bildirib. O, həmçinin Ankaranı ABŞ-nin nəzarətində olan malların Rusiyaya daşınmasına qoyulan qadağaya əməl olunmasını təmin etməyə çağırıb.
“Financial Times” qəzeti qeyd edib ki, ABŞ Ticarət Nazirliyi artıq Amerika mallarını Rusiyaya daşıdığı iddia edilən 18 şirkəti sanksiya siyahısına əlavə edib və gələcəkdə Türkiyə tərəfdən heç bir irəliləyiş əldə olunmasa, bu siyahı genişləndirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top