
Kütləvi etirazlar fonunda istefa verən və ölkədən qaçan Banqladeşin Baş naziri Şeyx Hasina Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hindu” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, onu müşayiət edən bacısı Rehananın Britaniya vətəndaşlığı var. Bundan əlavə, Şeyx Hasinanın qardaşı qızı Tulip Siddiq 2015-ci ildən Böyük Britaniya parlamentinin Leyboristlər Partiyasından deputatıdır. Baş nazir Kir Starmerin yeni kabinetində o, maliyyə nazirinin müavini vəzifəsini tutur.
Digər tətəfdən, göyərtəsində Şeyx Hasinanın olduğu təyyarə artıq Nyu Dehlidən 40 km məsafədə yerləşən hərbi aviabazaya eniş edib.
ANI agentliyinin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Şeyx Hasinanı daşıyan C-130 təyyarəsi ölkənin hava məkanına daxil olduqdan sonra havaya qalxıb və bir müddət onu müşaiyət edib.
“Hindistan Hərbi Hava Qüvvələri və Hindistan Ordusu hər hansı gözlənilməz vəziyyətə hazır idi”, - deyə agentlik mənbədən sitat gətirib.
Mənbələrə görə, Hindistan hakimiyyəti onu dəstəkləməyə razılaşıb, lakin buna baxmayaraq, o, Londona getməyi planlaşdırır.