
Banqladeşdə hökumət əleyhinə etirazlarda azı 300 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi polis və xəstəxana məlumatlarına istinadla məlumat yayıb.
“Bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalar nəticəsində ölənlərin ümumi sayı ən azı 300 nəfərə çatıb”, - məlumatda qeyd olunub.
Belə ki, avqustun 4-də Banqladeşin paytaxtı Dəkkə və digər şəhərlərində etirazçılarla hökumət tərəfdarları arasında yenidən toqquşmalar başlayıb.
Etirazçılar Banqladeşin Baş naziri Şeyx Hasinanın istefasını tələb edirlər. Polisin rezin güllələr, gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə etdiyi bildirilsə də, media xəbər verir ki, ölənlərin çoxu güllə yaralarındandır.
Məlumata görə, ölənlər arasında 14 polis əməkdaşı olub.
Ölkədə komendant saatı tətbiq edilib və bazar ertəsindən üç gün istirahət günü elan edilib.
Banqladeş Dəmir Yolları bütün xidmətləri qeyri-müəyyən müddətə dayandırıb.
Ölkədə həmçinin, internet və sosial şəbəkələr bağlanıb.
Qeyd edək ki, Banqladeşdə etirazlar iyulun əvvəlində ölkədəki universitetlərdən yüzlərlə tələbənin 1971-ci ildə Müstəqillik Müharibəsində vuruşan azadlıq döyüşçülərinin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Tədricən ölkədə vəziyyət gərginləşib və nümayişlər iyulda 250-dən çox insanın öldüyü toqquşmalara çevrilib.
“The Daily Star” qəzetinin məlumatına görə, respublikada iğtişaşlar başlayandan bəri ən azı 10 min adam həbs edilib.
Etrazlarda həmçinin daha 300 nəfərin yaralandığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz