“ABŞ HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra İranın İsraili təhdidlərinə cavab olaraq Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərməyə hazırlaşır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” Amerika rəsmilərinə istinadən məlumat yayıb.
NYT mənbəsi bildirib ki, Yaxın Şərqdəki ABŞ qüvvələri döyüş hazırlığını artırmaq və ABŞ qoşunlarını və müttəfiqlərini İran və ya onun dəstəklədiyi qruplardan gələn hər hansı təhdiddən qorumaq üçün lazımi tədbirlər görür.
Əlavə təyyarələrin sayı hələ də müəyyənləşdirilir.
Nəşrin məlumatına görə, ABŞ-nin müdafiə naziri Lloyd Austin tərəfindən bu qərarın yekun təsdiqi hələ alınmayıb. Qəzetin həmsöhbətləri bildirib ki, rəsmilər münaqişəni gərginləşdirmədən İsrailin qorunmasına kömək etmək üçün Amerikanın cavabının parametrlərini müəyyənləşdirirlər.
Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyi İrana səfər edən vətəndaşlarını regional vəziyyət və İranla İsrail arasında gərginliyin artması halında İranın hava məkanının gözlənilmədən bağlanması riskləri səbəbindən dərhal ölkəni tərk etməyə çağırıb. Fransa həmçinin vətəndaşlarına İranda əsassız həbs riski barədə xəbərdarlıq edilib.
İranın təhdidləri fonunda bir neçə aviaşirkət İsrailə uçuşları dayandırıb. Bunlara Almaniyanın “Lufthansa”, Amerikanın “United Airlines” və “Delta Air”, Hindistanın “Indian Air” və İtaliyanın “ITA Airways” şirkətləri daxildir.