
İranın hərbi müşaviri Milad Beydi iyulun 30-da İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
“İranın hərbi müşavirlərindən biri olan Milad Beydi sionist rejimin Beyruta endirdiyi hava hücumu nəticəsində öldürülüb. Beydinin cəsədi bir neçə saat əvvəl tanınıb. O, “Hizbullah”ın hərbi lideri Fuad Şükrlə yanaşı yaşayıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, iyulun 30-u axşam saatlarında İsrail ordusu Beyruta hücum edib və bu hücum nəticəsində “Hizbullah”ın hərbi lideri Fuad Şükr həlak olub
İsrail hərbçilərinin bildirdiyinə görə, o, “Hizbullah” lideri Həsən Nəsrullahın sağ əli olub və müharibə zamanı əməliyyatların planlaşdırılması və icrasına cavabdehlik daşıyıb. O, “Hizbullah”ın strateji bölməsinin rəhbəri kimi hərəkatın ən qabaqcıl silahlarının çoxuna, o cümlədən dəqiq idarə olunan raketlər, qanadlı raketlər, gəmi əleyhinə raketlər, uzaq mənzilli raketlər və PUA-lara cavabdehlik edib.