
Türkiyə Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini kəskin şəkildə pisləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qorxaqcasına öldürülməsini pisləyirik. Haniyə kimi yüz minlərlə şəhidi öz vətənlərində, öz dövlətlərində sülh içində yaşaya bilmələri üçün qurban verən Fələstin xalqına başsağlığı veririk”, - bəyanatda qeyd edilib.
“Bir daha məlum oldu ki, Netanyahu hökumətinin sülhə nail olmaq niyyəti yoxdur. Bu hücum həm də Qəzzadakı müharibəni bölgəyə yaymaq məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün hərəkətə keçməsə, bizim region daha ciddi münaqişələrlə üzləşəcək”, - sənəddə bildirilib.
Bəyanatda həmçinin Türkiyənin Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcəyi qeyd edilib.