
“Pensilvaniya polisi iyulun 13-də Batler mitinqində baş verən atışmadan bir saatdan çox əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı öldürməyə cəhd edən silahlı Tomas Metyu Kruksu görüb”.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ FTB sözçüsü Kevin Rojek jurnalistlərə açıqlamasında bildirib.
“Atıcı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi müəyyən edilib”, - Rojek deyib.
Onun sözlərinə görə, polis şübhəli şəxsin şəklini Trampın mitinqinin keçirildiyi yerdə olan digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına ötürmək üçün çəkib:
“Təxminən 30 dəqiqə sonra xüsusi təyinatlılar fikir verib ki, Kruks məsafəölçəndən istifadə edir və xəbər saytlarına baxır. Hadisədən 20 dəqiqədən az müddət əvvəl, saat 17:56-da Kruks bel çantası ilə görünüb. Atışmadan üç dəqiqə əvvəl, saat 18:08-də polis Kruksu damda görüb”.
FTB sözçüsü bildirib ki, müstəntiqlər hələ də atışma başlayandan qısa müddət sonra Gizli Xidmətin snayperi tərəfindən öldürülən 20 yaşlı Kruksun motivini araşdırırlar. İstintaq müəyyən edib ki, Kruks may ayında qırğınlar, əldəqayırma partlayıcı qurğular və Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdi ilə bağlı məlumat üçün internetdə axtarış aparıb.