
ABŞ-nin vitse-prezidenti Kamala Harris iyulun 21-də Co Baydenin əvəzinə Demokratlar Partiyasından prezidentlik yarışına qoşulmaq qərarına gəldikdən sonra seçki kampaniyası üçün 200 milyon dollar toplayıb.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə onun seçki qərargahı özünün “X” səhifəsində məlumat yayıb.
Məlumata görə, ianələrin böyük hissəsi - 66 faizi yeni donorlar tərəfindən edilib.
Qərargah həmçinin seçki kampaniyasına 170 min könüllünün cəlb olunduğunu bildirib.
Onun kampaniyasının kommunikasiyalar üzrə direktoru Maykl Tayler nəticələri rekord nəticə kimi qiymətləndirib.
Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından çıxdığını elan edib və Harrisə onun yerinə keçməsini tövsiyə edib. O, bu qərarını demokratiyanı qorumaq və gənc nəslə yol vermək istəyi ilə izah edib. Harris namizədliyini elan etdikdən sonra demokratlar 2020-ci ildən bəri ilk dəfə bir gundə 50 milyon dollardan çox ianə toplayıblar.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz