
Romada İsrailin kəşfiyyat xidməti Mossadın rəhbəri David Barnea, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamelin iştirakı ilə Qəzza zolağı barədə iclas keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
İclasda danışıqlar əsasən Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsi üzrə aparılır.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb. Bu müddət ərzində İsrail tərəfinin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs rejimi pozulüb və hərbi əməliyyatlar yenidən başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz