Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəbin və körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb. Prezident İlham Əliyev bu gün həmçinin Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top