
Almaniya kansleri Olaf Şoltsun illik maaşı 348,3 min avrodur (ayda təxminən 29 min avro).
Yeniavaz.com “VSquare” portalına istinadla xəbər verir ki, bu, Avropa İttifaqının (Aİ) hökumət başçıları arasında ən yüksək illik gəlirdir.
Portalın məlumatına görə, kanslerin maaşı Almaniyada orta əmək haqqından 5,9 dəfə çoxdur. Avstriya kansleri Karl Nehammer isə illik gəlirinə görə ikinci yerdə qərarlaşıb. Onun illik maaşı 306,4 min avrodur (Avstriya üzrə orta göstəricidən 5,3 dəfə yüksək). Bu reytinqdə üçüncü yeri ildə 256,8 min avro alan (hersoqluğun orta sakinindən 4 dəfə çox) Lüksemburqun Baş naziri Luk Friden tutur.
Portalın məlumatına görə, Aİ-də baş nazirin gəliri ilə ölkə üzrə orta göstərici arasında ən böyük fərq Macarıstandadır: beləliklə, hökumət başçısı Viktor Orbanın maaşı (illik 191,7 min avro) macarların orta gəlirindən 9,5 dəfə çoxdur. Bu meyara görə ikinci yerdə orta slovakiyalıdan 7,6 dəfə çox qazanc əldə edən Slovakiyanın Baş naziri Robert Fitso qərarlaşıb (ildə 132 min avro). Üçüncü yeri Çexiyanın Baş naziri Petr Fiala tutub: onun əmək haqqı (illik 130 min avro) respublika üzrə orta göstəricidən 6,1 dəfə yüksəkdir.
Qeyd edək ki, iyunun 24-də “Bloomberg” agentliyi Dünya Bankının məlumatlarına istinadla yazıb ki, əmək məhsuldarlığının aşağı olması ilə əlaqədar Aİ əhalisinin həyat səviyyəsi təhlükə altındadır. İş saatlarının sayının azalması avropalıların gəlirlərinə də təsir edir. Artıq 2022-ci ildə Aİ və Böyük Britaniyada adambaşına düşən ÜDM ABŞ-dən 28% aşağı olub.
Tətbiqimizi yükləyə bilərsiniz