Yeddi qadın məhbus Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb


Həbsxanada cəza çəkən qadınlardan yeddisi vaxtından əvvəl azadlığa buraxılmaları müqabilində Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi “Facebook” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Həbsxanada cəza çəkən 7 qadın Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlayıb. Qadınlar şərti azadlığa buraxılmaları müqabilində müqavilə əsasında hərbi xidmət keçmək istədiklərini bildiriblər. Onlar hərbi-həkim komissiyasından uğurla keçərək, hərbi hissə komandirlərindən konkret hissələrdə xidmət keçmək üçün razılıq alıblar”, - nazirlik bildirib.  
Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda 6101 məhkum Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq arzusunu bildirib. Onlardan 3823 nəfəri artıq təlimlərə cəlb edilib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın ədliyyə naziri Denis Malyuska qadın məhbusların silahlı qüvvələrə cəlb edilməsinə icazə verib, çünki ölkə qanunvericiliyində bu məsələ ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanun mayın 17-dən qüvvəyə minib. Sənədə əsasən, yalnız milli təhlükəsizliyin əsasları əleyhinə və ya terrorizmlə bağlı cinayətlərə, iki və ya daha çox şəxsi öldürməyə, son dərəcə amansızlıqla adam öldürməyə, sərxoş vəziyyətdə bir neçə insanın ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmağa görə məhkum olunmuş şəxslər səfərbərliyə cəlb oluna bilməzlər. Həmçinin, istisnalara xüsusilə ağır korrupsiya cinayətlərində, hüquq-mühafizə orqanı əməkdaşının və ya hərbi qulluqçunun qətlinə görə məhkum olunmuş şəxslər də daxildir.

DİGƏR XƏBƏRLƏR

Top