Erkən nikahlarla bağlı qanuna edilən dəyişikliklər təsdiqləndi


On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzalar müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə əksini tapıb.
Qanuna əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Dəyişikliklə, həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək.
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq.
Belə ki, yeni qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə – fiziki şəxslər min manat məbləğində cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar da müəyyənləşib.
Belə ki, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, indiyə qədər üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi.
Qanuna əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb.
Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adını dəyişdirilib. “Qadını nikaha daxil olmağa məcburetmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcburetmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcburetmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sözügedən qanunlar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top