
ABŞ-nin vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülməsi ilə bağlı səsvermə avqustun 1-də gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə bazar günü CBS jurnalisti Ed O'Kif məlumat verib.
O bildirib ki, bazar günü telefon danışığı zamanı Demokratlar Partiyasının Milli Qurultayının nümayəndələrinə avqustun 1-də keçiriləcək səsverməyə hazır olmaları bildirilib.
O'Kifin sözlərinə görə, səsvermə virtual formatda həyata keşiriləcək və nəticədə, gözlənildiyi kimi, Harris prezident seçkilərində Demokratlar Partiyasından rəsmi olaraq namizəd elan ediləcək.
Beləliklə, Harrisin namizədliyi avqustun 19-22-də Çikaqoda (İllinoys ştatı) keçiriləcək milli partiya qurultayında yox, vaxtından əvvəl təsdiq oluna bilər.
O'Kif Harrisin namizədliyi ideyasını bəyənməyənlərin “yox” deməsi üçün cəmi 10 gün vaxtları qaldığını bildirib. Eyni zamanda jurnalist qeyd edib ki, mümkün səsvermə tarixləri ilə bağlı məlumatlar hələ də qeyri-rəsmidir.
“Politico” qəzeti qeyd edir ki, bəzi amerikalı rəsmilər və Demokrat donorlar bu ilin may ayına qədər Demokratlar Partiyasının üzvü olmuş müstəqil senator Co Mançini (Qərbi Virciniyadan) partiyaya qayıtmağa və seçkilərdə namizədliyini irəli sürməyə çağırırlar.
Eyni zamanda, “Reuters” mənbələrə istinadən yazır ki, ABŞ Demokratik Partiyasının bütün 50 ştatdakı regional qərargahlarının rəhbərləri” Harrisin seçkiyə namizəd kimi irəli sürülməsini dəstəkləyiblər.
Digər tərəfdən, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden özü də prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəkləyir. O, bu barədə “X” sosial şəbəkə hesabında bildirib.
“2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi kimi Kamala Harrisi tam dəstəklədiyimi bəyan edirəm”, - Amerika lideri qeyd edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz