
Ermənistanın Kotayk rayonunda “An-2” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
Məluamata görə, qəza nəticəsində 2 nəfər ölüb.
“Təyyarə qəzasının təlim təyyarəsi olduğunu təsdiqləyirəm, Müdafiə Nazirliyi pilotların ailə üzvlərinə, onların yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir”, - Torosyan bildirib.
O əlavə edib ki, təyyarə ölkənin Müdafiə Nazirliyinin balansındadır.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, yerli vaxtla saat 9:30-da Kotayk Regional Xilasetmə İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yerli sakinlərdən Yeqvard şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması barədə siqnal daxil olub.
Hadisə yerinə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə İdarəsinin əməliyyat qrupu gedib.
Qeyd edək ki, “An-2” təyyarəsi kənd təsərrüfatı, idman, nəqliyyat, hərbi təlim, sərnişin təyyarəsi kimi istifadə edilən və bir çox ölkələrin Hərbi Hava Qüvvələrində xidmətdə olan çoxməqsədli sovet təyyarəsidir.