Messidən üzr istəməyi tələb etməsi işindən qovulmasına səbəb oldu


Argentina Prezidenti Xavyer Miley idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti “X” sosial şəbəkə platformasında bəyanat yayıb.
Argentina Prezidentinin bu qərarına səbəb Qarronun Lionel Messini ölkə millisinin futbolçuları Fransa millisinin futbolçularına qarşı irqçi fikirlər səsləndirdiklərinə görə üzr istəməyə çağırması olub.
“Heç bir hökumət dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olan Argentina milli komandasına digər vətəndaşlar kimi nə deyəcəyini, nə düşünəcəyini və ya nə edəcəyini deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman nazirinin müavini deyil”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, Qarro bundan əvvəl “UrbanaPlay” radiostansiyasına verdiyi müsahibədə “bu halda Argentina Futbol Assosiasiyasının prezidenti kimi Milli komandanın kapitanının da üzr istəməli olduğuna inandığını” qeyd etmişdi.
Xatırladaq ki, argentinalıların Kolumbiyaya qalib gəldiyi Amerika Kubokunun finalı oyunundan sonra (1:0, əlavə vaxt) qalib komandanın futbolçuları sosial şəbəkələrdə Fransa millisinin futbolçularına qarşı irqi təhqirlər əks etdirən mahnının səsləndirildiyi video yayıblar.
Videonu yayımlayan Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes üzr istəyib. Fransa Futbol Federasiyası insidentlə bağlı FİFA-ya müraciət etmək niyyətini bəyan edib. Fernandesin çıxış etdiyi İngiltərənin “Çelsi” klubu isə futbolçunun hərəkətini pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top