Paşinyan Əliyevdən iki il vaxt istəyib – “Hraparak”


Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi prosesinə başlamaq üçün 2026-cı ilə qədər vaxt istədiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Paşinyan bütün tələblərin yerinə yetirilməsi üçün ona iki il vaxtın verilməli olduğunu bildirib.
“Yəqin ki, baş nazirin konstitusiya islahatları komissiyasına ümumxalq seçkiləri başa çatdıqdan sonra 2026-cı ilin dekabrında yeni konstitusiyanın konsepsiyasını təqdim etməyi tapşırmasının səbəbi də budur”, - nəşr qeyd edib.
Xatırladaq ki, ötən ay – 6 iyun 2024-cü ildə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.
Qeyd edək ki, Prezident İlham Əliyevin etirazı Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan məsələlərlə bağlıdır.
Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul olunub. Sonuncu dəfə isə Ermənistan konstitusiyasına 2005-ci ildə dəyişikliklər edilib.
Ermənistan konstitusiyasına giriş hissəsində qeyd olunub ki, erməni xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunan milli məqsədlərini əsas götürərək Konstitusiyasını qəbul edir.
Ermənistanın Müstəqillik Bəyannaməsinin giriş hissəsində isə qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Bəyannamənin 11-ci maddəsində isə qeyd olunur ki, Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır. Məlumdur ki, Ermənistanda “Qərbi Ermənistan” ifadəsi dedikdə indiki Türkiyə ərazisinin şərq hissələri nəzərdə tutulur. Türkiyədə və eləcə də Azərbaycanda belə hesab edirlər ki, “Qərbi Ermənistan” ifadəsi Türkiyəyə qarşı ərazi iddiasıdır.
Məhz buna görə də Prezident İlham Əliyev Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan “Ermənistanın Müstəqillik Bəyannaməsi” ifadəsinin çıxarılmasını tələb edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistanda konstitusiya dəyişikliyi 2027-ci ildən tez ola bilməz.

Tahir Cavad

DİGƏR XƏBƏRLƏR

Top