Cenk Tosun “Fənərbağça”ya keçir – “Beşiktaş” müqavilə bağlamadı


Türkiyə Superliqasının təmsilçilərindən “Beşiktaş” Cenk Tosunla yeni müqavilə bağlamayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
“Yolumuzun ilk dəfə 2014-cü ildə kəsişdiyi, qalib gəldiyimiz üç Superliqa və iki Türkiyə Kuboku çempionluğunda pay sahibi olan milli komandamızın dəyərli futbolçusu Cenk Tosunla peşəkar müqaviləmiz başa çatıb. Klubumuzda göstərdiyi səylərə görə Cenk Tosuna təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”, - məlumatda deyilir.
Digər İstanbul təmsilçisi “Fənərbağça” isə Cenk Tosunla ilkin razılıq əldə olunduğunu bəyan edib.
“Klubumuzla ilkin razılıq əldə etdiyi milli futbolçu Cenk Tosun səhhəti ilə bağlı yoxlamadan keçmək və transfer danışıqlarını davam etdirmək üçün bu gün İstanbula gələcək”, - klubun rəsmi sosial media hesabında dərc olunan məlumatda bildirilir.
Xatırladaq ki, Tosun 2017-ci ildə rekord məbləğlə “Everton”a transfer olmuş, lakin gözlənilən performansı göstərə bilmədiyi üçün yenidən “Beşiktaş”a qayıtmışdı. O, həmçinin İngiltərənin “Kristal Pelas” klubunda da çıxış edib. Karyerası ərzində 487 matçda forma geyinmiş Cenk Tosun 195 qol vurub, 60 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top