
“İyulun 15-dən 24-dək keçiriləcək Amerika-Ermənistan “Eagle Partner” təlimi Ermənistan-Rusiya təhlükəsizlik əməkdaşlığının mexanizmlərini pozur”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarovanın fikrincə, Qərb öz himayəsi altında manevrlər və təlim proqramlarında iştirak etməklə, respublikaya NATO-nun silahlı qüvvələr standartlarını tətbiq edir:
“Bu, qərblilərin Ermənistanın daxili və xarici siyasətində əlavə təsir gücü əldə etməsinə gətirib çıxarır. İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə formalaşmış qarşılıqlı fəaliyyət mexanizmlərinin işləməsi perspektivlərini sarsıdır. Xüsusilə İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması və bu təşkilata qarşı ictimai hücumlar fonunda təəssüfdən başqa heç nə yaratmırlar. Qərblilər hansı sülhməramlı məqsədləri bəyan edirlərsə etsinlər, əsas vəzifə öz geosiyasi layihələrinin həyata keçirilməsi üçün tramplin yaratmaqdır”.
Xatırladaq ki, 85 amerikalı və 175 erməni hərbçisinin iştirak etdiyi ilk “Eagle Partner” təlimi 2023-cü ildə Ermənistanda keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz