BMW 400 minə yaxın avtomobili geri çağırır


Alman avtomobil istehsalçısı BMW ABŞ-də 390 mindən çox avtomobili geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsinə istinadla məlumat yayıb.
“Qaz generatorunun partlaması iti metal parçaların sürücüyə və ya avtomobilin digər sərnişinlərinə dəyməsinə, həmçinin həyati təhlükəsi olmayan xəsarətlərə səbəb ola bilər”, - idarənin məlumatında bildirilib.
Məlumata görə, indiyədək 100 milyon avtomobildə nasaz “Takata” təhlükəsizlik yastıqları aşkar edilib və problemin qaz generatorları ilə bağlı olduğu aşkara çıxarılıb. Belə ki, qaz generatorlarının gövdəsi zaman keçdikcə aşınır və bu da qəza zamanı təhlükəsizlik yastığının avtomobilin salonuna çoxlu metal parçaları atmaq ehtimalını artırır.
Genişmiqyaslı geri çağırma kampaniyası Yaponiyanın “Takata” şirkətini iflasa gətirib çıxarıb.
Qeyd olunur ki, 2009-cu ildən bəri dünyada Yaponiyanın “Takata” şirkətinin qüsurlu yastıqlarının səbəb olduğu 30-dan çox ölüm faktı qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top