
“Apple” kapitallaşma üzrə dünya rekordu vuraraq, tarixdə bazar dəyəri 3,5 trilyon dollardan çox olan ilk şirkət olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Quartz” nəşri məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı, iyulun 9-da Amerika texnologiya nəhənginin səhmləri 0,38% bahalaşıb və bir ədədinin dəyəri 229,47 dollara çatıb. Nəticədə, şirkətin kapitallaşması 3,51 trilyon dollara yüksəlib.
Qeyd olunur ki, şirkət iyunun əvvəlində növbəti iPhone, iPad və Mac əməliyyat sistemlərində süni intellekt tətbiq etmək planlarını elan etdikdən sonra səhmlərinin dəyəri günbəgün artır. “Apple Intelligence” süni intelllekti “ChatGPT”ni yaradan “OpenAI” ilə əməkdaşlığa hazırlanır.
Hazırda kapitallaşmaya görə ikinci yeri “Microsoft” tutur. Onun bazar dəyəri iyulun 9-da keçirilən ticarət sessiyasının yekunlarına görə 3,42 trilyon dollar təşkil edir. İlk üçlüyü isə 3,23 trilyon dollarla “Nvidia” tamamlayır.
Son 23 ildə yalnız altı Amerika şirkəti kapitallaşmaya görə bazar liderləri arasında qalmağa nail olub. Bunlar “Apple”, “Microsoft”, “Nvidia”, “Amazon”, “Exxon Mobil” və “General Electric” şirkətləridir.
Tətbiqimizi yükləyə bilərsiniz