
Fövqəlada Hallar Nazirliyi (FHN) Sosial Tədqiqatlar Mərkəzinin sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 40 ünvanında inşa olunan inzibati binanın istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 2 173,1 kvadratmetr olan bina 3 mərtəbə və zirzəmidən ibarətdir.
Bildirilir ki, bina 1 079 kvadratmetr torpaq sahəsində yerləşir və tikinti sahəsi 808,8 kvadratmetr təşkil edir.
FHN inzibati binaya 11 iyun 2024-cü il tarixli 02116 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib. Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 18 ünvanında tikiləcək inzibati binanın 2 mərtəbəli, ümumi sahəsinin isə 2091,3 kvadratmetr olması nəzərdə tutulub.
2021-ci ildə isə Sosial Tədqiqatlar Mərkəzinin obyektinin tikintisi üçün tender müsabiqəsi (Təkliflər sorğusu) keçirilib. Tenderin qalibi “TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.
MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün Sosial Tədqiqatlar Mərkəzindən 1 milyon 810 min manat alıb. Tikinti işlərinin 2021-ci ilin iyul ayında başladığı və 2021-ci oilin sonunda başa çatacağı bildirilib.
Onu da qeyd edək ki, artıq bir neçə ildir Sosial Tədqiqatlar Mərkəzi qeyd olunan ünvanda – İsmayıl bəy Qutqaşınlı küçəsi 18-də fəaliyyət göstərir.
Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.7-ci maddəsində yazılır ki, tikinti obyektinin istismarına icazə verildiyi gündən istismara icazə verən orqan nəzərdə tutulmuş sənədləri və məlumatları 5 iş günü müddətində Reyestrə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz