Zelenski Şmıqalı istefaya göndərmək istəyir – KİV


Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqalı istefaya göndərməyi düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna rəhbərliyinə yaxın adı açıqlanmayan bir neçə mənbəyə istinadla “Ukrayinska pravda” nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb Şmıqalın ölkənin idarə olunmasında heç bir təşəbbüs irəli sürməməsidir.
Nəşr hökumətin istefasını yaxınlaşdıran səbəblər arasında Ukrayna Nazirlər Kabinetinin məsuliyyət daşıdığı sahələrlə bağlı problemləri də qeyd edir: xüsusilə, ölkəni defolt təhlükəsi və energetika sektorunda problemlər gözləyir.
Nəşrin məqaləsində həmçinin iddia edilir ki, Zelenskinin özünəməxsus cəhəti var, bu da ondan ibarətdir ki, əgər onun hər hansı işi həvalə etdiyi adamlar şəxsi müstəvidə onu “heyran etmirlərsə”, adətən, bundan sonra öz mövqelərini itirirlər. Nəşr mənbələrə istinadla yazır ki, Şmıqal da Zelenski ilə emosional əlaqəsini itirməyə yaxındır, eyni zamanda, sonuncu hökumət başçısından yorulub.
Nəşrin istinad etdiyi mənbələrdən biri hesab edir ki, Şmıqalın işdən çıxarılması ilə Ukrayna hakimiyyəti BVF və digər Qərb strukturları ilə ölkədə islahatlarla bağlı razılaşmaların və memorandumların şərtlərini dəyişdirməyə çalışacaq.
Nəşr xatırladır ki, bu sənədlər Ukraynanın hökumət nümayəndələri tərəfindən imzalanıb. Nəşr qeyd edir ki, hazırkı baş nazir Ukrayna rəhbərliyi ilə Kiyevdən daim nəsə istəyən və tələb edən Qərb tərəfdaşları arasında gərgin münasibətlərin episentrindədir.
Son həftələr Ukrayna mediasında baş nazirin və kabinetin bir neçə əsas nazirinin mümkün istefası ilə bağlı məlumatlar fəal şəkildə yayılıb.
“Ukrayinska Pravda”nın hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, Şmıqal baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko ilə əvəz oluna bilər.
Qeyd edək ki, ilin əvvəlindən Zelenski hökumət strukturlarında kadr dəyişiklikləri həyata keçirir, cəbhədə və ölkənin daxili həyatında vəziyyəti sabitləşdirməyə çalışır. Onlardan ən səs-küylüsü Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verməsi və onun yerinə Aleksandr Sırskinin gəlməsi olub.
Qərb ölkələri qeyd edir ki, Ukraynada bütün dəyişikliklərə baxmayaraq, korrupsiya yüksək səviyyədə qalır.

DİGƏR XƏBƏRLƏR

Top