
Bu gün – iyulun 10-da Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları ilə ABŞ dövlət katibinin birgə üçtərəfli görüşü keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkə hesabında yazıb.
“İyulun 10-da Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək”, - deyə Badalyan bildirib.
Qeyd edək ki, Badalyan daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlara dair razılıq yoxdur.
Xatırladaq ki, hazırda həm Bayramov, həm də Mirzoyan NATO sammiti çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Vaşinqtondadır.
Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda yeni görüşünü təşkil etməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz