
2024-cü ilin ilk yarısında Heydər Əliyev Beynəlxalq Aeroportundan istifadə edən sərnişinlərin sayı 3 milyon 388 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, sərnişinlərin 1 milyon 436 min nəfəri “Azərbaycan Hava Yolları”nın (AZAL), 1 milyon 583 min nəfəri isə xarici aviaşirkətlərin xidmətindən istifadə edib.
Hesabat dövrü ərzində Bakı aeroportu 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib.
Beynəlxalq marşrutlarda 3 milyon 45 min sərnişin daşınıb. Onlardan 1 milyon 609 min sərnişin (53%) xarici aviaşirkətlərin, 1 milyon 436 min (47%) sərnişin isə milli aviadaşıyıcının payına düşüb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, bu istiqamətlərdə 6 ay ərzində 1 milyon 537 min sərnişinə xidmət göstərilib.
Naxçıvan marşrutu üzrə isə AZAL aviaşirkəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çox - 350 min sərnişin daşınıb. 2024-cü ilin ilk altı ayında 3 201 uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövründəki 2 243 reysdən 43% çoxdur. Bu dövr ərzində ən çox uçuş iyunun 2-də qeydə alınıb, həmin gün 17 reys yerinə yetirilib. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik müntəzəm olaraq 13 reys həyata keçirilir, təlabat yüksək olduqda, sərnişinlər əlavə reyslərlə təmin olunur.
2024-cü ilin yanvar-iyun aylarında tranzit sərnişinlərin sayı 142% artaraq 192 min nəfərdən çox olub. Artım xüsusilə 2024-cü ilin iyun ayında nəzərə çarpıb. Tranzit sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 57,7 min nəfər olub.
Elnur Əli