
“Türk Hava Yolları”nın Tehrandakı ofisi möhürlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran mətbuatında məlumat yayılıb.
Bildirilir ki, buna səbəb şirkətin məcburi hicab qaydalarını pozmasıdır.
“Iranwire” portalı yazır ki, bu hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından cəmi bir saat sonraya təsadüf edir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən hicabı səhv geyindiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda rejimə və hicabla bağlı sərt qaydalara qarşı kütləvi etirazlar və iğtişaşlar başlayıb. Etirazlar bir neçə ay davam edib, qarşıdurmalarda yüzlərlə insan həlak olub. Daha sonra bir çox etirazçı həbs edilib, bəziləri isə edam edilib.
“İslam Respublikasının artan təzyiqlərinə baxmayaraq, məcburi geyim qaydalarına qarşı çıxan qadınların vətəndaş müqaviməti davam edir və hər gün ictimai yerlərdə hicabsız görünən qadınların videoları yayılır”, - “Iranwire” yazır.