
Məşhur amerikalı yazıçı Stiven Kinq də ABŞ Prezidenti Co Baydeni prezidetlik yarışından çəkilməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Onun (Baydenin) Amerikanın maraqları naminə namizəd olmayacağını və yenidən (prezidentliyə) seçilməyəcəyini elan etmək vaxtıdır”, - deyə Kinq bildirib.
Amerikalı sahibkar İlon Mask isə Kinqin mesajını şərh edib.
“Hətta Stiven Kinq də ABŞ-nin keçmiş prezidenti Donald Trampa səs verəcək”, - deyə Mask qeyd edib.
Qeyd edək ki, bundan əvvəl amerikalı sənədli film prodüseri və demokrat donor Ebigeyl Disney də Bayden yarışı tərk edənə qədər Demokrat Partiyasına ianə verməyəcəyini demişdi. Digər böyük demokrat donor Netflix CEO-su Rid Hastinqs də Baydeni namizəd olmamağa çağırmışdı.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.
Tətbiqimizi yükləyə bilərsiniz