
Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşinə məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Daily Mirror” qəzeti məlumat yayıb.
Məlumata görə, Hilinin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqları zamanı Odessada hava hücumu xəbərdarlığı elan edilib. Nəticədə, görüş iştirakçıları binalardan birinin zirzəmisinə sığınmağa məcbur olublar.
Qəzet yazır ki, toplaşanlar nə az, nə çox yarım saat sonra, hava hücumu xəbərdarlığı ləğv ediləndən sonra sığınacaqdan çıxa biliblər.
Qeyd edək ki, Hili Böyük Britaniyada keçirilən parlament seçkilərində Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyasının qələbəsindən sonra iyulun 5-də Böyük Britaniyanın müdafiə naziri vəzifəsinə təyin edilib.
İyulun 7-də isə o, Odessaya səfərə gedib və ölkəsinin Ukraynaya 90 ədəd yüksək dəqiqlikli “Brimstone” raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı tədarük edəcəyini bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz