Futbolçunun ölkədən çıxışına qadağa qoyulur – 2 ildir Azərbaycanda deyil


“Neftçi” futbol klubunun sabiq oyunçusu Huqo Basto (Cerquleıra Pinto Basto Hugo) məhkəməyə verilib.
Yeniavaz.com
xəbər verir ki, Huqo Basto barəsində iddia İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraaatına verilib. İyul ayının 16-sı tarixinə məhkəmə baxışı təyin olunub.
Qeyd edək ki, məhkəmə iddiası vergi ödəyicisi olan şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Portuqaliya əsilli Huqo Basto 1993-cü ildə anadan olub. Karyerasına Portuqaliyanın “Boavista” və “Porto” klublarında oynamaqla başlayan Huqo Basto 2021/2022-ci il mövsümündə Azərbaycanın “Neftçi” klubunda oynayıb. Məşhur “Transfermarkt” portalının məlumatına görə, Huqo Basto hazırda Kiprin “AEL Limasol” klubunda forma geyinir.
Onu da qeyd edək ki, Huqo Basto Azərbaycanda olarkən vergi ödəyicisi kimi  (VÖEN – 2006905812) qeydiyyata alınıb. Açıqlanan son məlumatlara görə hazırda Huqo Bastonun dövlət büdcəsinə 3 min 872 manat 87 qəpik vergi borcu var.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top