
Rusiya Silahlı Qüvvələri Ukrayna şəhərlərinə raket hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, irimiqyaslı raket hücumu nəticəsində azı 20 nəfər həlak olub. Belə ki, paytaxt Kiyevə edilən hava hücumu nəticəsində azı 7 nəfər həlak olub. Kiyevin meri Vitali Kliçko uşaq xəstəxanasının raket zərbəsinə məruz qaldığını və səhiyyə müəssisəsinin təxliyə edildiyini bildirib.
O, sakinləri sığınanacaqları tərk etməməyə çağırıb.
“Kiyevdəki partlayışlar! Detallar sonra! Sığınacaqlarınızı tərk etməyin!” - şəhər meri bildirib.
Kliçkonun yazdığına görə partlayış Şevçenkovski rayonunda baş verib.
Kiyev şəhər hərbi administrasiyası, həmçinin Dnepr, Svyatoşinski, Şevçenkovski, Desnyanski, Darnitski, Qoloseyevski, Solomenski rayonlarına raketlərin düşməsini qeydə aldıqlarını bildirib.
Hücum zamanı “Tu-95” bombardmançılarından qanadlı raketlər buraxılıb. Əsasən, ballistik raketlərdən istifadə olunub. Həmçinin, “Kinjal” və “Kalibr” raketlərindən istifadə edilib.
Raket hücumu zamanı mülki infrastrukturlara zərbələr endirilib.
Həmçinin Krivoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri hücumlar nəticəsində orada ən azı 10 nəfərin öldüyünü açıqlayıb. Daha 3 nəfərin isə şərqdəki Pokrovsk şəhərində həlak olduğu bildirilir.
Polşada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkə daxilindəki hədəflərə 40-a yaxın raket zərbəsi endirib.
Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.