
Rusiya Federal Təhlükəsizlik Xidməti Tu-22M3 uzaqmənzilli strateji bombardmançı təyyarəsinin Ukraynaya qaçırılması cəhdinin qarşısını alıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M3 uzaqmənzilli strateji bombardmançı təyyarəsini xaricə qaçırmaq üçün növbəti cəhdinin qarşısını alıb”, - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
FTX-nin bildirdiyinə görə, Ukrayna kəşfiyyatı Rusiya hərbi pilotunu ən azı 3 milyon dollar pul mükafatı və İtaliya vətəndaşlığı vədi ilə əməkdaşlığa cəlb etməyə və onu raketdaşıyıcını Ukraynaya qaçırmağa razı salmağa cəhd edib.
FTX əlavə edib ki, əməliyyatın hazırlanmasında və həyata keçirilməsində NATO ölkələrinin kəşfiyyat xidmətlərinin iştirakı müəyyən edilib.
Qeyd edək ki, Tu-22M3 dəniz və yerüstü hədəfləri idarə olunan raketlər və hava bombaları ilə məhv etmək, adi və nüvə bombası, həmçinin, raket daşıyıcısı olan, dəyişən qanadlı uzun mənzilli səsdən sürətli raket daşıyıcı-bombardmançı təyyarədir.