Qırğızıstanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran qrup aşkarlanıb


Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran qrupu zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) mətbuat mərkəzi məlumat yayıb.
“Milli Təhlükəsizlik Dövlət Komitəsi hakimiyyəti zorakılıqla ələ keçirmə və vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə ölkədə ictimai-siyasi vəziyyəti pozmaq planlarını həyata keçirməyə cəhd edən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısını alıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, cinayət işi üzrə aparılan istintaq tədbirləri çərçivəsində 5 nəfər tutularaq MTDK-nın müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onların ad və soyadları istintaqın maraqları baxımından hələ açıqlanmayıb.
“Müəyyən edilib ki, bu qrup cinayətkarların ideologiyasını dəstəkləyən, eləcə də fanatik şəkildə dini ideologiyanı təbliğ edən şəxslərdən formalaşıb”, - mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, axtarış zamanı şübhəlilərdən kustar üsulla hazırlanmış partlayıcı qurğular üçün komponentlər, odlu silahlar, döyüş sursatı, rabitə vasitələri, zirehli geyimlər, hüquq-mühafizə orqanlarının geyim forması, pilotsuz uçuş aparatları, ekstremist xarakterli ədəbiyyat və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
“Hazırda əlavə istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - deyə MTDK-dan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top