
Böyük Britaniyanın hazırkı Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak yenidən Şimali Yorkşirdəki Riçmond seçki dairəsindən ölkə parlamentinin İcmalar Palatasına seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı yekunlaşdırılan səsvermənin nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, dairələrin demək olar ki, yarısında qaliblər elan olunmaqla səslərin hesablanması davam edir.
Məntəqələr bağlandıqdan dərhal sonra yayılan “exit-poll”un nəticələrinə görə, Leyboristlər Partiyası 650 yerlik İcmalar Palatasına 410 deputat gətirib və böyük qələbə qazanıb. 2010-cu ildən ölkəni idarə edən Mühafizəkarlar Partiyası isə cəmi 131 mandat qazanaraq ciddi məğlubiyyətlə üz-üzə qalıb.
Beləliklə, seçkilərin açıqlanan qeyri-rəsmi nəticələrinə əsasən, İngiltərədə Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti sona çatıb. Böyük Britaniyanın yeni baş nazirinin Leyboristlər Partiyasının lideri Keir Starmer olacağı gözlənilir.