
İranda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) prezident seçkilərində səsvermənin ikinci turu üçün seçki məntəqələri açılıb.
Yeniavaz.com İRNA-ya istinadla xəbər verir ki, səsvermə prosedurunun başlandığını İranın daxili işlər naziri Əhməd Vahidi elan edib.
Ənənəyə görə, ölkənin ali dini lideri Əli Xamenei birinci səs verir və bununla da İran vətəndaşlarına nümunə olur. Bu dəfə də belə olub. Xamenei bülleteni qutuya atdıqdan sonra əhaliyə müraciət edərək, onları ikinci turda daha fəal səs verməyə çağırıb.
Qeyd edək ki, ikinci turda prezidentlik uğrunda 69 yaşlı islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparır. İyunun 28-də keçirilən birinci turda Pezeşkiyan və Cəlili müvafiq olaraq 44% və 40% səs toplayıb. Seçkilərdə iştirak 40% təşkil edib ki, bu da İslam respublikasının son 45 ilində ən aşağı göstəricidir.