Azərbaycanlılar sülh istəyirlər: Bəs sülh müqaviləsinə nə mane olur? – Analiz


Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə STM-dən açıqlama verilib.
Bildirilib ki, 2024-cü ilin iyun ayında keçirilən sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83,8%-i “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2,7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
STM-dən bildirilib ki, sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir.
Qeyd olunub ki, sorğular 2024-cü ilin 10 iyun – 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1 152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib. Nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistik məlumatlara uyğun olaraq müəyyən edilib. Sorğular ölkənin 12 iqtisadi rayonunu (Şərqi Zəngəzur və Naxçıvan istisna olmaqla) əhatə edib.
Bir ay əvvəl – 6 iyun 2024-cü ildə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.
Qeyd edək ki, Prezident İlham Əliyevin etirazı Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan məsələlərlə bağlıdır.
Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul olunub. Sonuncu dəfə isə Ermənistan konstitusiyasına 2005-ci ildə dəyişikliklər edilib.
Ermənistan konstitusiyasına giriş hissəsində qeyd olunub ki, erməni xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunan milli məqsədlərini əsas götürərək Konstitusiyasını qəbul edir.
Ermənistanın Müstəqillik Bəyannaməsinin giriş hissəsində isə qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Bəyannamənin 11-ci maddəsində isə qeyd olunur ki, Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır. Məlumdur ki, Ermənistanda “Qərbi Ermənistan” ifadəsi dedikdə indiki Türkiyə ərazisinin şərq hissələri nəzərdə tutulur. Türkiyədə və eləcə də Azərbaycanda belə hesab edirlər ki, “Qərbi Ermənistan” ifadəsi Türkiyəyə qarşı ərazi iddiasıdır.
Məhz buna görə də Prezident İlham Əliyev Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan “Ermənistanın Müstəqillik Bəyannaməsi” ifadəsinin çıxarılmasını tələb edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistanda konstitusiya dəyişikliyi 2027-ci ildən tez ola bilməz.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirləcək. Əgər Nikol Paşinyan 2026-cı ildən əvvəl Ermənistan konstitusiyasını dəyişməyə çalışsa, bu ölkədə etirazla qarşılna bilər və seçkilərdə uduzmasına səbəb olar. Bu səbəbdən ehtimal olunur ki, Ermənistan konstitusiyası 2026-cı ildən tez dəyişdirilməyəcək.

Tahir Cavad

DİGƏR XƏBƏRLƏR

Top