Ərdoğan Astanada Putinlə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammiti çərçivəsində görüşü planlaşdırılır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, iyulun 4-də baş tutacaq ümumi yığıncaqdan əlavə, Türkiyə və Rusiya liderləri arasında ikitərəfli görüş baş tutacaq.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Putin və Ərdoğan iki ölkə arasında mövcud olan bütün həssas məsələləri nəzərdən keçirəcəklər. Ola bilər ki, onlar Rusiya Prezidentinin Türkiyəyə uzun müddətdir planlaşdırılan mümkün səfərini də müzakirə etsinlər.
Həmçinin, dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələri müzakirə edəcəklər. Bundan başqa, Suriya-Türkiyə münasibətlərinin normallaşması da müzakirə mövzusu olacaq.
Qeyd edək ki, liderlər sonuncu dəfə 2023-cü ilin sentyabrında görüşüblər. Eyni zamanda onlar mütəmadi olaraq telefonla danışırlar.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilat altı ölkədən - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi isə artıq yekunlaşmaq üzrədir.

DİGƏR XƏBƏRLƏR

Top