“Zəngilan” tankeri istismara verildi – Yenilənib


Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verib.
Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib.
Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.
“Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.
Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.
“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.
Sonra dövlət başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

***09:56
Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.




DİGƏR XƏBƏRLƏR

Top