Bağışla və unut!


Çox sevdiyiniz bir adam qəlbinizə toxunur. Üstündən nə qədər keçsə də, bu incikliyi unuda bilmirsiniz. Get-gedə bu hadisə sizin həyatınızda silinməz izlər buraxmağa başlayır. Belə vaxtlarda həyatda tək sizin bu vəziyyətdə olmadığınızı düşünün və dünyada xoş niyyətli adamların da bilmədən bir-birilərini incitdiklərini xatırlayın.
Bağışlamağın böyüklük əlaməti olduğunu bilsək də, bəzən bunu unuduruq. Əslində, bu, bir az da ağ paltara düşən qara ləkəyə bənzəyir. Beləcə, bu incikliklər bizi addım-addım izləməyə başlayır. Ancaq bu məsələdə bəxti gətirənlər də yox deyil. Ən azı ona görə ki, onlar unutmağı bacarırlar. Onların qəlbində zərrə qədər də kin yoxdur. Onların kədər dolu keçmişləri yeni doğan bir günlə yox olub gedir.
Elə isə bu “problem”dən necə xilas olmaq olar? Amerikalı psixoloq Levis Semmedes məşhur kitabında insanlara “Bağışlayın və unudun” deyə səslənir və unutmalı olduqlarımızın əslində unuda bilmədiklərimiz olduğunu bildirir. Ümumiyyətlə, bağışlamaq mərhəmət hissindən irəli gəlir. Bu hissin mahiyyətini anladıqca bağışlamaq da asanlaşır. Qəlbimizdə baş qaldıran “qəddarlıq”dan da əsər-əlamət qalmır. Onun yerinə isə qəlbimizə “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin” sirri hakim olur.
Deməli, bağışlanmaq istəyirsənsə, bağışlamalısan. Qəlbində nə kin qalmalıdır, nə nifrət. Bütün inciklikləri unutmalısan. Və həyatında yeni bir səhifə açmalısan. Ağappaq, tərtəmiz bir səhifə!..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top