
ABŞ Demokrat Partiyasının donorları keçmiş prezident Donald Trampla uğursuz debatdan sonra prezident Co Baydeni onun iradəsinə zidd olaraq yarışdan kənarlaşdırmaq barədə düşünürlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Baydenin Trampla ilk debatı cümə günü gecə baş tutub. CNN mənbələrinin məlumatına görə, hazırkı prezidentin uğursuz çıxışından sonra Demokrat Partiyasının sıralarında çaxnaşma başlayıb.
“Demokratik donorlar siyasi məsləhətçilərlə Baydenin onun iradəsinə zidd olaraq namizədlər siyahısından çıxarıla biləcəyi gizli mexanizmləri müzakirə ediblər”, - NYT yazır.
Nəşrin mənbələrinin sözlərinə görə, donorlar ABŞ-nin birinci xanımı Cil Baydenlə əlaqə saxlamağa çalışırlar ki, o, ərini namizədliyini geri götürməyə razı sala bilsin.
Bayden və Tramp arasında ikinci debat sentyabrın 10-na planlaşdırılıb. ABŞ-da prezident seçkiləri isə noyabrın 5-də keçiriləcək.