
İstər genetik xarakter, istərsə də pisxoloji xarakter ana bətnində formalaşmağa başlayır. Bəs ayrı-ayrılıqda genetik xarakter və ya psixoloji xarakter nədir? Məsələn, bəzən deyirik: “Atası kimi uzunboyludur”. Və ya deyirik: “Anası kimi gülərüzlüdür”. Təbii ki, bunun səbəbi, ilk növbədə, genetik xarakterdir. Başqa sözlə, genetik xarakter bir uşağın ata-anasından aldığı genləri sintez etməsi və öz fiziologiyasında və ya psixologiyasında büruzə verməsidir.
Ümumiyyətlə, uşaq ana bətninə düşdüyü ilk vaxtdan bəzi xüsusiyyətlərini atadan (və ya ata tərəfindən), bəzi xüsusiyyətlərini isə anadan (və ya ana tərəfindən) götürür. Və bu xüsusiyyətlər uşağın yeni bir fərd kimi formalaşmasında ilk təməl daşlarını təşkil edir. Digər tərəfdən, istər atadan, istərsə də, anadan alınan bu xüsusiyyətlər təkcə fiziki yox, həm də psixoloji xarakter daşıyır. Təbii ki, ata-ananın ortaq genetik xüsusiyyətlərinin uşağa təsirində nə atanın, nə də ananın heç bir rolu yoxdur. Başqa sözlə, bu təsir atanın da, ananın da, necə deyərlər, təsir dairəsindən kənardadır.
Psixoloji xarakterə gəlincə, psixoloji xarakter də genetik xarakter kimi uşaq ana bətninə düşdüyü ilk vaxtdan formalaşmağa başlayır. Başqa sözlə, psixoloji xarakter ata-ananın (xüsusilə də, ananın) psixoloji vəziyyətindən asılı olaraq, uşağın genetik xarakterinin üzərində qurulan ikinci xarakterdir. Belə ki, ana bətnində doqquz ay keçirən bir uşaq təkcə bu müddəti başa vurmaq üçün gözləmir, əksinə, ananın yaşadığı psixoloji vəziyyəti olduğu kimi yaşayaraq, ömrü boyu daşıyacağı xarakterin ilk təməl daşını atır. Genetik xarakterin formalaşmasında ata-ana söz sahibi olmasa da, psxoloji xarakterin formalaşmasında ata-ana (xüsusilə də, ana) birbaşa söz sahibidir. Başqa sözlə, ana, əgər istəsə, bətnindəki uşağın qorxaq olmasında da, cəsur olmasında da ciddi rol oynaya bilər.
Bir də yuxarıda adını çəkdiyimiz bu iki xarakterin bir təzahürü var ki, buna da embrion psixologiyası deyilir. Ümumilikdə isə, embrion psixologiyası embrionun hamiləlik dövründə ananın yaşadığı hissləri yaşamasıdr. Məsələn, əgər ana hamiləlik dövründə qorxu hissi yaşayırsa, təbii ki, embrion da eyni hissi yaşayır. Və ya əgər ana nifrət hissi yaşayırsa (belə hallar daha çox arzuolunmaz hamiləlik dövründə baş verir), təbii ki, embrion da eyni hissi yaşayır. Təbii ki, bütün bunlar təkcə hamiləlik dövrü ilə keçmir və bu uşağın ömrü boyu daşıyacağı genetik və psixoloji xarakterin təməl daşını təşkil edir. Buna görə də, uşaq gözləyən bir ana həm ciddi, həm də diqqətli olmalıdır. Bətnindəki körpəsinə fizioloji cəhətdən bağlı olduğu kimi, psixoloji cəhətdən də bağlı olduğunu yaddan çıxarmamalıdır. Başqa sözlə, bir ana oxuduğu bir kitabı təkcə özünə yox, bətnindəki körpəsinə də oxuduğunu unutmamalıdır. Və ya bir ana yaşadığı bir həyəcan hissinin təkcə ona yox, bətinindəki körpəsinə də təsir etdiyini bilməlidir.
Buna görə də, ana bütün bunları bilərək hərəkət etməlidir. Əgər bu prizmadan yanaşsaq, uşaq tərbiyəsinin ana bətnində başladığını da iddia edə bilərik. Bir sözlə, bir ana uşağının necə bir xarakterə malik olmasını istəriysə, özü də hamiləlik dövründə o xarakteri yaşamalıdır. Təbii ki, təkcə uşaq ana bətnində olanda yox, dünyaya gələndə də ana və uşaq arasındakı ilk ünsiyyət böyük əhəmiyyət daşıyır.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz