Tramp ABŞ-yə “Dəmir Qübbə” vəd etdi


ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-də “Dəmir Qübbə” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə eks-prezident Virciniya ştatında tərəfdarları qarşısında seçki kampaniyası çərçivəsində çıxışında bildirib.
“Növbəti prezidentlik müddətimdə ölkəmiz üzərində böyük “Dəmir Qübbə” yaradacağıq. Bu, indiyədək heç kimin görmədiyi qübbə olacaq - ən müasir raket əleyhinə müdafiə sistemi ilə təchiz ediləcək”, - Tramp bildirib.
Amerika prezidentliyinə namizəd həmçinin bildirib ki, gələcək raketdən müdafiə sistemi yalnız Amerika komponentlərindən hazırlanacaq.
“Uzun illər əvvəl ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan bunu etmək istəyirdi. Ancaq açığını desəm, bizdə o zaman texnologiya yox idi. Amma indi bizdə çox gözəl texnologiya var”, - Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.
İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyi yay aylarında təsdiqlənəcək.

DİGƏR XƏBƏRLƏR

Top