Bastrıkin edam cəzasının qaytarılmasını istəyir – “İldə 300 min rubl xərclənir”


Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin növbəti dəfə ölüm hökmünün Rusiyaya qaytarılmasını təklif edib.
Yeniavaz.com
“İnterfaks”a istinadən xəbər verir ki, Bastrıkin bu barədə iyunun 28-də Sankt-Peterburqda hüquq forumunda çıxışı zamanı bildirib.
“Mənim hələ də böyük bir sualım var: niyə biz ağır cinayətlərin sayının artdığını nəzərə alaraq moratoriumu ləğv etmirik və ölüm cəzasını qanunvericiliyimizə qaytarmırıq?”, - Bastrıkin deyib.
İstintaq Komitəsinin rəhbəri təklifini izah edərək, 2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında 145 nəfərin həlak olduğu terror aktını misal çəkib:
“Əgər sovet dövründə ağırlaşdırıcı şəraitdə iki və ya üç nəfərin qətlinə görə ölüm hökmü verilə bilərdisə, o zaman bu 15 müttəhim [Krokus terror aktı işi üzrə] maksimum ömürlük həbs cəzası alacaq. Bu nə deməkdir? Gündə üç dəfə yemək, iki saatlıq gəzinti. Mənim iki saat gəzməyə imkanım yoxdur, buna vaxtım da yoxdur. Bəzən nahar etməyə vaxtım olmur. Diş həkimi də daxil olmaqla, tibbi müayinə təşkil edilir. Bir məhkumu həbsdə saxlamağın nə qədər başa gəldiyini bilirsinizmi? Bir dəfə mənə dedilər: adambaşına ildə otuz min rubl. Ömürlük həbsdə olanların sayına vurulandsa bu, çox böyük büdcədir.
Bu nədir? Bu təhlükəsizlik, onların yerləşdiyi çoxlu sayda koloniyaların saxlanmasıdır, həkimlər, onlara təzə yemək təqdim etmək, aşpaz saxlamaq, kolbasa kəsmək, kompot hazırlamaq lazımdır. Yəqin ki, hər bir məhkuma ildə 300 min rubl xərclənir. Ona görə də mən ölüm hökmünün tərəfdarıyam. Mən humanizmdən danışsam da, bir manyak 70, 80, 100 nəfəri öldürübsə, onu ölüm cəzasına məhkum etmək çox humanist olar”.
Bastrıkin müvafiq prezidentin fərmanı ilə Rusiyada qüvvədə olan ölüm hökmünə moratoriumun götürülməsini təklif edib:
“Mənə bəzi səriştəli hüquqşünaslar deyib ki, Konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir, lakin mən hesab edirəm ki, edam cəzasına qoyulan moratorium sadəcə olaraq prezidentin fərmanı ilə götürülməlidir”..
Qeyd edək ki, Aleksandr Bastrıkin ötən illərdə Rusiyada ölüm hökmünün bərpası üçün çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top