BCM Netanyahu və Qalantla bağlı qərarını təxirə saldı


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai istintaq çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu addım Böyük Britaniyanın BCM-nin bu məsələ ilə bağlı yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra atılıb.
Nəticədə, məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.
Qeyd edək ki, BCM Prokurorluğu 2015-ci il yanvarın 16-dan Fələstin ərazilərində vəziyyətlə bağlı ilkin araşdırma aparır.
20 dekabr 2019-cu il tarixində BCM-nin prokuroru Fatu Bensuda Fələstinin tələbi ilə prokurorların ilkin araşdırmanı tamamladığını və vəziyyətin 2014-cü ildə Fələstin ərazilərində İsrailin hərəkətləri ilə bağlı tam istintaqın açılması üçün Roma Nizamnaməsinin bütün meyarlarına cavab verdiyini bildirib.
20 may 2024-cü ildə isə BCM-nin prokuroru Kərim Xan məhkəmənin ibtidai istintaq kollegiyasından Netanyahu və Qalantın həbsinə order verilməsini tələb edib. Onun sözlərinə görə, prokurorlar Netanyahu və Qalantın ən azı 8 oktyabr 2023-cü ildən Fələstin ərazisində (Qəzza zolağında) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını göstərən sübutlar toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top