
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç futbol üzrə 2024-cü il Avropa çempionatında qol vuran ən yaşlı futbolçu olub.
Yeniavaz.com xəbər verir ki, Almaniyada keçirilən çempionatın qrup mərhələsinin 3-cü turunnda Modriç italyanların qapısına qol vuraraq hesabı açıb.
Beləliklə, yarımmüdafiəçi İtaliya ilə matçda 38 yaş 289 gündə fərqlənib.
Bundan əvvəlki rekordçu 2008-ci il Avropa çempionatında Polşa yığması ilə matçda (1:1) 38 yaş 257 gündə qol vuran avstriyalı İvitsa Vastiç olub.
Cari turnirdə Modriçin nailiyyətini Portuqaliya millisində çıxış edən 39 yaşlı Kriştiano Ronaldo və 41 yaşlı Pepe ötə bilər.
Qeyd edək ki, Modriç 2012-ci ilin yayından İspaniyanın “Real Madrid” klubunda çıxış edir. Komanda ilə birlikdə futbolçu altı dəfə Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının qalibi olub. 2018-ci ildə yarımmüdafiəçi “France Football” jurnalına görə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını alıb. Futbolçu karyerası ərzində İngiltərənin “Tottenham Hotspur” və Xorvatiyanın “Dinamo Zaqreb” komandalarının da rənglərini qoruyub.
Modriç Xorvatiya millisində 178 oyun keçirib və 26 qol vurub. O, Dünya Çempionatının gümüş (2018) və bürünc (2022) mükafatçısıdır, həmçinin milli komandanın heyətində ən çox oyun keçirən rekordçudur.