
“WikiLeaks” saytının qurucusu Culian Assanc Böyük Britaniyada 2019-cu ildən saxlandığı Belmarş həbsxanasından azadlığa buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Məlumata görə, Assanc iyunun 24-də səhər saatlarında yüksək rejimli həbsxananı tərk edib.
“WikiLeaks” onun həbsxana divarları arasında 1901 gün keçirdiyini bəyan edib.
“London Ali Məhkəməsi Assancı zaminə buraxıb və o, iyunun 24-də səhər saatlarında “Stansted” hava limanından Avstraliyaya uçub”, - qurumun məlumatında qeyd edilib.
“WikiLeaks” həmçinin Amerika məhkəməsinin Assanc və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilatın sözlərinə görə, məsələ hələ ki, rəsmi olaraq yekunlaşdırılmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Şimali Mariana Adaları Federal Dairə Məhkəməsində Assancın ABŞ prokurorluğu ilə sövdələşmənin tərkib hissəsi kimi ittihamların bir qismini qəbul edə biləcəyi ilə bağlı sənəd dərc edilmişdi.Mayın 20-də həyat yoldaşı ABŞ prezidenti Co Baydeni “WikiLeaks”in qurucusu Culian Assanca qarşı bütün ittihamları götürməyə çağırıb. Buna səbəb London Ali Məhkəməsinin Assancın ABŞ-yə ekstradisiyası ilə bağlı qərardan apellyasiya şikayətinə icazə verməsi olub.
Xatırladaq ki, “WikiLeaks”in yaradıcısı müxtəlif ölkələrin, o cümlədən ABŞ hökumətlərinin məxfi materiallarını dərc etməklə şöhrət qazanıb. 2019-cu ilə qədər Ekvador səfirliyində təqiblərdən gizlənib. 2022-ci ildə Böyük Britaniya Daxili İşlər Nazirliyi “WikiLeaks”in qurucusunu 175 il həbs cəzası gözlənilən ABŞ-yə ekstradisiya etmək qərarına gəlib.
Assancın ittihamların bir hissəsini qəbul edə biləcəyi dinləmə iyunun 26-da yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 03:00-da) Saypan adasındakı məhkəmədə keçiriləcək.