
MLS-də “Sent-Luis Siti” və “Atlanta Yunayted” arasında keçirilən görüş zamanı hakimin VAR qərarını açıqlayarkən verdiyi qısa fasilə çaşqınlığa səbəb olub.
Yeniavaz.com “The18” portalına istinadla xəbər verir ki, ötən şənbə baş verən görüşdə birinci hissənin bitməsinə bir neçə dəqiqə qalmış “Sent-Luis Siti” Nökvi Porissonun qolu ilə önə keçib.
Lakin yan xətt hakimi bayrağını qaldırıb və epizodun ofsayd olduğuna qərar verib.
Maraqlı tərəfin etirazları və VAR-dan gələn xəbərdarlıqla baş hakim Filip Dujic epizodun təkrarına yenidən baxıb və üzərindəki mikrofonla ofsayd qərarının yanlış olduğunu elan edib. Bu zaman azarkeşlər qola sevinməyə başlayıblar. Lakin baş hakim qısa müddət sonra sözlərinə davam edib və ofsayd olmasa da, qoldan əvvəl qayda pozuntusunun qeydə alındığını bildirib. Beləcə qapıya gedən top qol dəyəri qazanmayıb.
Baş hakimin bu addımı həm ABŞ həm də dünya mediasında müzakirələrə səbəb olub.