
“Əgər ölkə hökuməti indiki kursunu davam etdirsə, Avropa İttifaqı (Aİ) Gürcüstana qapılarını bağlayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqı Şurasının iclasına gələrkən deyib.
“Aİ-nin qapıları indi Gürcüstanın üzünə açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, bu qapılar bağlanacaq”, - deyə o, bildirib.
Borrel, həmçinin bildirib ki, Gürcüstan hökumətinin hərəkətlərinin əvəzini Gürcüstan xalqı ödəməli olacaq.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti Aİ və ABŞ-nin sərt bəyanatlarına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Respublika Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub. Lakin parlament bunu mayın 28-də ləğv edib.
Xatırladaq ki, qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməyənlər, 25 min lari (8,7 min dollardan çox) məbləğində cərimə ediləcəklər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (təxminən 7 min dollar) tutulacaq.